Premyer Liqa nəhəngi “Liverpul”un almaniyalı keçmiş mərkəz müdafiəçisi Markus Babbel İngiltərə klubuna məsləhət ünvanlayıb.
Arena.az xəbər verir ki, o, “qırmızılar”ın 25 yaşlı uruqvaylı mərkəz hücumçusu Darvin Nunyesin yayda klubu tərk edəcəyi halda, “Liverpul”a, “Bayern”in 31 yaşlı ingilis mərkəz hücumçusu Harri Keynə diqqət yetirməyi məsləhət görüb:
“Darvin Nunyes mütəmadi surətdə oynamalıdır. Amma əgər “Liverpul” bu yay Nunyesi satmağa hazırlaşırsa və onlar həqiqətən yüksək səviyyəli qolçuya sahib olmaq istəyirlərsə, onda onlara, Harri Keynə diqqət yetirmək gərəkdir. Əgər o, İngiltərə Premyer Liqasına qayıtsa, çox şey təklif edə bilər”, deyə almaniyalı veteran futbolçu fikrini əsaslandırıb.
Markus “qırmızılar”a Dotmund “Borussiya”sının 29 yaşlı qvineyalı mərkəz hücumçusu Seru Girassiyə də diqqət yetirməyi məsləhət görüb:
“Girassi – əla oyunçusur, o çox qol vurur. Sözsüz, belə bir hücumçu “növbəti mövsümdə “Liverpul”a kömək edə bilər”.
“Bayern” və “Hamburq”un da şərəfini qorumuş Markus Babbel belə bir qənaətdədir ki, məşhur almaniyalı mütəxəssis Yurgen Klopp Madrid “Real”ının sükanı arxasına keçməyəcək:
“Mən, Yurgen Klopun “Real”da işləməyə razı olacağını təsəvvür etmirəm. Hətta Karlo Ançelotti yayda “Real”dan ayrılsa və Klopa baş məşqçi vəzifəsi təklif edilsə belə. O, məşqçiliyə, yorulduğu üçün son verib. “Real”da isə təzyiq “Liverpul”dakından yüksəkdir. Vəssəlam”, deyə Babbel qənaətini əsaslandırıb.
Xatırladaq ki, Klopun məşqçi olaraq son iş yeri 2023/2024-cü illər mövsümünün bitməsi ilə ayrıldığı “Liverpul” olub. Hazırda alman mütəxəssis “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsində çalışır.
Darvin Nunyesə gəlincə, onun bu mövsümün sonunda “Liverpul”dan ayrılacağı barədə şayiələr dolaşmaqdadır.


