Basketbol Liqasında 2023/24 mövsümünə start verildi

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün açılış oyunu baş tutub.

Arena.az xəbər verir ki, mövsümün açılış oyununda “Sərhədçi” və “Cəlilabad” komandaları qarşılaşıblar.

Oyunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər.

Oyun region təmsilçisi “Cəlilabad”ın 86:76 hesablı qələbəsi ilə yekunlaşıb. “Sərhədçi”nin heyətində ən məhsuldar basketbolçu Conson Rid olub – 19 xal, 5 asist. “Cəlilabad”da isə Kobi Tomas (19 xal, 4 ribaund) daha üstün oyun sərgiləyib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparacaqlar. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq.

Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

İlk turun qalan görüşləri 27-29 oktyabrda baş tutacaq. “Neftçi” “Xəzri”ni, “Xırdalan” “Şəki”ni, “NTD-Indigo” “Sumqayıt”ı, “Gəncə” isə son çempion “Sabah”ı sınağa çəkəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: