Rimas Kurtinaytis “Sabah”dan getdi – Rəsmi

Azərbaycan Basketbol Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olmuş “Sabah” baş məşqçisi Rimas Kurtinaytis ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Litvalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.

Xatırladaq ki, Rimas Kurtinaytis 2024-cü ilin yanvar ayından “Sabah”a rəhbərlik edirdi. “Sabah” Azərbaycan Basketbol Liqasında son 4 mövsümün qalibidir. Paytaxt təmsilçisi bu çempionluqlardan üçün məhz litvalı mütəxəssislə qazanıb.

Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.

Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun da baş məşqçisi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: