“Bayern” rəhbərliyi PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin müqaviləsi ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Arena.az “Sport1” dərgisinə istinadən məlumat verir ki, Münhen klubu hücumçunu iyunun sonunda azad agent qismində heyətinə qatmağa hazır olacaq.
Mənbənin məlumatına görə, “Bayern” rəhbərliyi mümkün müqaviləni qeyri-gerçək hesab etmir. Onlar lazımi vaxtda Mbappeyə və ya onun nümayəndələrinə təklif verməyə hazır olacaqlar. Münhen təmsilçisinin qarşılaşa biləcəyi əsas çətinlik fransalı hücumçunun yüksək maaş gözləntiləridir. Mbappe həmçinin “Real” və “Liverpul”un da maraq dairəsindədir.
“Bayern”in düşərgəsindən xəbərə rəsmi qarşılıq verilməsə də, yayılmış məlumat gündəmə çevrilib. Vurğulyaq ki, daha əvvəl Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel fransız ulduzun Münhen klubuna keçməyə razılıq verəcəyi halda, onu velosipedlə gətirəcəyini bildirərək, bu transferə şad olduğunu ifadə etmişdi.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


