“Beşiktaş” Aleks Oksleyd-Çemberlen ilə müqaviləni dondurur

“Beşiktaş”ın “Alanyaspor”a 1:3 hesabıyla uduzduğu matçda zədələnərək mövsümü başa vuran Aleks Oksleyd-Çemberlen ilə müqavilə dondurula bilər

Arena.az xəbər verir ki, əzələ yırtığı ilə üzləşən ingilis futbolçu artıq əməliyyat olunub.

“Beşiktaş” rəhbərliyi ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq 30 yaşlı futbolçu ilə müqavilənin dondurulmasını nəzərdən keçirir. “Qara qartallar” bununla əcnəbi oyunçular üçün ayrılmış kvotada yer açmaq məqsədi güdürlər.

İngiltərə millisinin də üzvü olan Aleks Oksleyd-Çemberlen bu ilin yayında “Liverpul”dan azad agent kimi ayrılaraq “Beşiktaş”la 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalamışdı. Yarımmüdafiəçi “qara qartallar”ın heyətində indiyə qədər 22 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Oksleyd-Çemberlen 2017-ci ilin avqustunda “Arsenal”dan 38 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. Yarımmüdafiəçi bu klubda 146 oyuna 18 qol və 15 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Arsenal” (198 oyun, 20 qol, 32 asist) və “Sauthempton”da (43 oyun, 10 qol və 9 asist) da çıxış edib. Aleks İngiltərə millisində 35 oyuna çıxıb, 7 qol vurub.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: