Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Mərakeş yığmasının müdafiəçisi Romen Saissi transfer edib.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Saissin “Beşiktaş”da illik məvacibi 1.8 milyon avro olacaq. Bundan əlavə o, iştirakçısı olduğu və qalib gəldiyi hər oyuna görə də müxtəlif mükafatlar əldə edəcək.
Mərakeşli futbolçu son olaraq İngiltərənin “Vulverhempton” klubunun formasını geyinib. Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti bu yay başa çatdığı üçün, İstanbul təmsilçisinə azad agent kimi keçib. Mərkəz müdafiəçisi olan Saiss, geridə qalan mövsümdə “Vulverhempton”da meydana çıxdığı 32 matçda 3 qol da vurub. O, bu komandada keçirdiyi 6 mövsüm ərzində bütövlükdə 206 matça çıxıb, 15 qola imza atıb.
Fransada dünyaya göz açan Saiss, peşəkar karyerasına “Valense”də başlayıb. Daha sonra o, “Klermon”, “Le Havr” və “Anje” klublarının uğurları üçün çalışıb. Stopper 2016-cı ildə məhz “Anje”dən 4 milyon avro qarşılığında “Vulverhempton”a transfer olunmuşdu.
Romen Saiss Mərakeş yığmasında meydana çıxdığı 63 oyunda 1 qol vurub.


