Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” komandasının mərkəz müdafiəçisi Tayyip Talha Sanuç əməliyyat olunub. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Super Liqanın 27-ci turu çərçivəsində baş tutan “Fənərbaxça” ilə səfər matçında zədələnmişdi.
İstanbul derbisinin əvvəlindəcə dizindən zədə alan oyunçu matçı davam etdirə bilməmiş və meydanı xərəkdə tərk etmişdi. Onun əvəzində isə meydana 10-cu dəqiqədə Velinqton buraxılmışdı.
Ətraflı müayinələrdən sonra türkiyəli futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşmişdi. Sağ diz çarpaz bağlarında qopma aşkarlanan futbolçunun əməliyyat olunmasına ehtiyac yaranmışdı. Bu gün o, İstanbulda əməliyyat masasına uzanmalı olub. Klubdan verilən məlumata görə, gənc oyunçunun əməliyyatı uğurlu keçib. Amma onun təxminən yarım il yaşıl meydanlardan kənarda qalması gözlənilir.
Xatırladaq ki, Tayyip Talha Sanuç 2022-ci ilin sentyabr ayında “Adana Dəmirspor”dan 1.5 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunub. O, cari mövsümdə İstanbul klubunda 22 oyuna çıxıb, 2 qol da vurub. Tayyip daha öncə “Adana Dəmirspor”la yanaşı, “Karabükspor”un da formasını geyinib. Mərkəz müdafiəçisi Türkiyə milli komandasında da 1 oyun keçirib.
Sonda onu da qeyd edək ki, “Beşiktaş” “Fənərbaxça” ilə gərgin derbi matçından 4:2 hesablı qələbə ilə ayrılıb.



