Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” komandasının mərkəz müdafiəçisi Tayyip Talha Sanuç uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu ötən gecə Super Liqanın 27-ci turu çərçivəsində baş tutan “Fənərbaxça” ilə səfər matçında zədələnib.
İstanbul derbisinin əvvəlindəcə dizindən zədə alan oyunçu matçı davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Onun əvəzində isə meydana 10-cu dəqiqədə Velinton buraxılıb.
Türkiyəli futbolçunun durumuna ətraflı müayinələrdən sonra dəqiq aydınlıq gələcək. Amma Türkiyə mətbuatı ilkin ehtimal kimi müdafiəçinin azı 6 ay uzaq qalacağını iddia edib. Çünki futbolçunun diz çarpaz bağlarında qopma aşkarlandığı bildirilir.
Xatırladaq ki, Tayyip Talha Sanuç 2022-ci ilin sentyabr ayında “Adana Dəmirspor”dan 1.5 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunub. O, cari mövsümdə İstanbul klubunda 22 oyuna çıxıb, 2 qol da vurub. Tayyip daha öncə “Adana Dəmirspor”la yanaşı, “Karabükspor”un da formasını geyinib. Mərkəz müdafiəçisi Türkiyə milli komandasında da 1 oyun keçirib.
Sonda onu da qeyd edək ki, “Beşiktaş” “Fənərbaxça” ilə gərgin derbi matçından 4:2 hesablı qələbə ilə ayrılıb.


