“Beşiktaş”ın iki futbolçusunda koronavirus aşkarlandı

“Beşiktaş”ın iki futbolçusunda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandaya dəvət alan “qara qartallar”ın iki futbolçusunun COVİD-19 testi pozitiv çıxıb. Bu barədə Türkiyə millisindən “Beşiktaş”a məlumat daxil olub. Həmin oyunçuların adları açıqlanmayıb. Onların müalicəsinə start verilib.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 30-da Latviya yığmasını qəbul edəcək. Bu oyundan öncə millinin üç futbolçusunda koronavirus aşkarlandığı açıqlanmışdı. Türkiyə Futbol Federasiyası onların adlarını açıqlamasa da, yerli media Dorukhan Toköz, Cenk Tosun, Kaan Ayhan və Emre Kılınçın heyətdən çıxarıldığını yazmışdı. Belədə “Beşiktaş”ın koronavirusa yoluxmuş milli üzvlərinin də Dorukhan Toköz ilə Cenk Tosun olduğu üzə çıxır.

“Beşiktaş” daha bir futbolçusunu itirib. Belə ki, Bosniya və Herseqovinanın U-21 yığmasına dəvət olunmuş Aydin Hasiç, Monteneqronun gənclərdən ibarət yığması ilə oyunda ciddi zədə alıb. 19 yaşlı futbolçunun zədəsi ağır olduğundan meydanı xərəkdə tərk edib. Onun vəziyyətinə ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcəyi bildirilir.

Qeyd edək ki, “Beşiktaş” bu mövsüm Super Liqada keçirdiyi 29 oyunda 64 xal toplayıb və 21 kollektiv arasında zirvədə qərarlaşıb.