“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Xosep Qvardiolanı dünyanın ən yaxşı məşqçisi adlandırıb.
Arena.az portuqal futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Şübhəsiz ki, dünyanın ən yaxşı məşqçisindən danışırıq. Son illərdə Xosep Qvardiola dünyanın ən yaxşı məşqçisi olub. Futbolun gedişatını ən çox dəyişən məşqçi yəqin ki, odur. İndi hamı Qvardiola olmaq istəyir, bunu gizlətməyə ehtiyac yoxdur. İkincidən birinci diviziona qədər bütün komandalar “Mançester Siti” kimi oynamağa çalışır və hamısı “Siti”də olan hərəkiliyi tapmağa çalışırlar, çünki onların nəticələri və uğurları var. Söhbət mənim çox dəyər verdiyim və mənim üçün dünyanın ən yaxşı məşqçisi olan çalışdırıcıdan gedir”.
“Mançester Yunayted”in kapitanı “Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp da haqda danışıb:
“Söhbət oyunlara gətirdiyi tezliyə, futbola olan həvəsinə görə ən çox dəyər verdiyim məşqçidən gedir. Düşünürəm ki, onun indi getmək qərarına gəlməsi onun futbolu nə qədər sevdiyinin növbəti nümayişidir. O, “Liverpul”u özünə inandıran çalışdırıcıdır. Klopp böyük kuboklar qazandı, Premyer Liqa, Çempionlar Liqası və bir neçə kubok qazandı, eyni zamanda “Liverpul”a atəş, ehtiras və yeni hərəkilik gətirdi. O, bir daha bizi inandırdı ki, bu klub çempiondur, kuboklar uğrunda mübarizə aparmağa qadirdir. Heç kim və heç vaxt bunu Kloppun əlindən almayacaq”.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro qarşılığında Lissabon “Sportinq”indən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 38 oyuna 8 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Bruno Fernandes 2017-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 63 oyuna 19 qol vurub, 18 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandesin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


