İngiltərənin “İpsviç Taun” klubu heyətinə daha iki yeni futbolçunu – vinger Cek Klark və müdafiəçi Dara O’Şini qatıb.
Arena.az bu barədə Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir.
Cek Klark “Sanderlend”dən 17,7 milyon avroya transfer olunub. 23 yaşlı ingilis vingerlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Cek İngiltərənin “Lids” klubunun yetirməsidir. “Tottenhem”, KPR, “Stok Siti” kimi klublarda da oynamış hücumçu, 2022-ci ildən “Sanderlend”də çıxış edirdi. Klark “Sanderlend”in heyətində 114 oyuna çıxıb, 28 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. O, vaxtilə İngiltərənin U-20 yığmasında da forma geyinib.

Dara O’Şi isə “Börnli”dən “İpsviç Taun”a keçib. Bu transfer Premyer Liqa klubuna 14,2 milyon avroya başa gəlib. İrlandiyalı mərkəz müdafiəçisi də yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Dara O’Şi futbola “Sent-Kevins Boyz”da başlasa da, İngiltərənin “Vest Bromviç” klubunun yetirməsi hesab olunur. O, “Hereford”, “Ekseter Siti” kimi klublarda da forma geyinib. “Börnli” Daranı 2023-cü ilin iyul ayında 7,8 milyon avro müqabilində heyətinə qatmışdı. 25 yaşlı futbolçu bu komandanın heyətində 39 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Dara İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-17, U-18, U-19 və U-21) forma geyinib. 2020-ci ilin oktyabr ayında əsas millidə debüt etmiş O’Şi, İrlandiya yığmasının heyətində 26 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.



