Çempionlar Liqasında finalın adı: “Liverpul” – “Real”

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, Madrid “Real”ı yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti”ni qəbul edib.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə klubu 4:3 hesablı qələbə qazanmışdı. “Santyaqo Bernabeu” stadionunda keçirilən cavab matçının baş hakimi italiyalı Daniele Orsato olub.

Cavab görüşündə hesabı mançesterlilər açıblar. Matçın elə 1:0 hesabıyla qonaqların xeyrinə bitəcəyi ehtimal olunarkən, səhnəyə Rodriqo çıxıb. O, 90 və 90+2-ci dəqiqələrdə vurduğu qollarla “Real”ı önə keçirib. Matçın əsas vaxtı madridlilərin 2:1 hesablı qələbəsiylə bitdiyi üçün, ümumi hesab bərabərləşib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtın əvvəlindəcə “Real” penaltidən daha bir qol vurub. Yekunda həm bu oyunda, həm də ümumi hesabda əzmkar qələbə qaznan Karlo Ançelottinin yetirmələri finala vəsiqəni təmin ediblər.

“Real” finalda İngiltərə təmsilçisi “Liverpul”la üz-üzə gələcək. Çempionlar Liqasında mövsümün həlledici matçı mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
4 may

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:1
Qol: Rodriqo, 90; 90+2. K.Benzema, 95-pen – R.Mahrez, 73.
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 3:4.

Real: Tibo Kurtua, Daniel Karvaxal, Eder Militao, Naço, Ferlan Mendi, Toni Kroos, Kazemiro, Luka Modriç, Federiko Valverde, Kərim Benzema, Vinisius Junior.
Ehtiyat oyunçular: Andrey Lunin, Toni Fuidias, David Alaba, Xesus Valyexo, Marselo, Eduardo Kamavinqa, Lukas Vaskes, Dani Sebalyos, Luka Yoviç, Marko Asensio, Rodriqo, Mariano Dias.
Baş məşqçi: Karlo Ançelotti.

Mançester Siti: Ederson, Joao Kanselo, Emerik Laport, Ruben Dias, Kayl Uoker, Bernardo Silva, Kevin de Breyne, Rodri, Fil Foden, Qabriel Jezus, Riyad Mahrez.
Ehtiyat oyunçular: Zak Steffen, Skott Karson, Natan Ake, Aleksandr Zinçenko, Fernandinyo, İlkay Gündoğan, Konrad Eqan-Rayli, Koul Palmer, Ceyms Makeyti, Romeo Lavia, Cek Qriliş, Rahim Sterlinq.
Baş məşqçi: Xosep Qvardiola.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: