“Tottenhem”in hücumameylli yarımmüdafiəçisi Ceyms Meddison topuğundakı zədə səbəbindən İngiltərə yığmasının qarşıdakı oyunlarını buraxacaq.
Arena.az bu barədə “Tottenhem”in mətbuat xidmətinə istinadən məlumat verir:
“Biz təsdiq edə bilərik ki, Ceyms Meddison topuğundakı zədə səbəbindən İngiltərə yığmasından xaric edilib.
Yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Malta və Şimali Makedoniya yığmaları ilə keçiriləcək oyunlarda iştirak etməyəcək və klubun tibbi heyəti ilə bərpadan keçmək üçün komandanın bazasında qalacaq”, – “Tottenhem”in rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.
Ceyms Meddison “Tottenhem”ə 2023-cü ilin iyulunda 46,30 milyon avro müqabilində “Lester”dən keçib. Yarımmüdafiəçinin “mahmızlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Meddison “Tottenhem”in heyətində 11 oyuna 3 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Meddison 2019-cu ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 5 oyun keçirib.
“Transfermarkt” internet-portalı 26 yaşlı Ceyms Meddisonu 70 milyon avro məbləğində qiymətləndirir.


