İtaliyanın məşhur hücumçusu Çiro İmmobile 36 yaşında peşəkar futbolçu karyerasını başa vurmağa qərar verib.
Arena.az xəbər verir ki, italiyalı forvardın qərarını onun son klubu olan Fransa təmsilçisi “Paris” açıqlayıb.
İmmobile 17 illik peşəkar karyerasını başa vuraraq bundan sonra daha çox ailəsinə vaxt ayırmaq istədiyini bildirib.
İmmobile karyerasının ən parlaq dövrünü “Latsio”da keçirib. 2016-2024-cü illərdə Roma klubunun formasını geyinən hücumçu 340 oyunda 207 qol vuraraq “Latsio”nun tarixində ən məhsuldar futbolçu olub. O, 2020-ci ildə A Seriyasında 36 qolla bombardir olmaqla Avropanın “Qızıl buts” mükafatına da sahib çıxıb. İmmobile ümumilikdə dörd dəfə A Seriyasının ən sərrast futbolçusu seçilib.
Forvard karyerası ərzində “Yuventus”, “Peskara”, “Cenoa”, “Torino”, Dortmund “Borussiya”sı, “Sevilya”, “Beşiktaş”, “Bolonya” və “Paris”in də formasını geyinib.
Çiro İmmobile klub səviyyəsində 599 oyunda 306 qol vurub. İtaliya millisində isə 57 matça çıxaraq 17 dəfə fərqlənib. O, 2021-ci ildə İtaliya yığması ilə Avropa çempionu olub.
İmmobile “Paris”ə 2026-cı ilin fevralında “Bolonya”dan keçmişdi. Fransa klubunun heyətində 12 Liqa 1 matçında iştirak edən hücumçu 2 qol vurub.
Beləliklə, İmmobile 17 illik peşəkar futbolçu karyerasına son qoyub.


