Çiro İmmobile “Qızıl buts” mükafatına qovuşdu

Futbol üzrə İtaliya millisinin və “Latsio” klubunun hücumçusu Çiro İmmobileyə “Qızıl buts” mükafatı təqdim olunub.

Arena.az xəbər verir ki, 31 yaşlı hücumçu UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafatı ilk dəfə qazanıb.

Təcrübəli forvard ötən mövsüm vurduğu 36 qolla Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski (34 qol) ilə İtaliyanın digər təmsilçisi “Yuventus”un ulduz futbolçusu Kristiano Ronaldonu (31 qol) geridə qoymağı bacarıb.

Çiro İmmobile 2007-ci ildən bəri “Qızıl buts”u qazanan ilk italiyalı futbolçudur. Sonuncu dəfə 13 il öncə “Roma”nın kapitanı Françesko Totti sözügedən mükafata sahib çıxmışdı.

İmmobile 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır. O, bu komandanın heyətində 200-dən çox oyuna çıxıb və 144 qola imza atıb.

Təcrübəli forvard “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Çiro karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da forma geyinib. O, İtaliya yığmasında 42 oyun keçirib, 10 qol vurub.