Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans uzun illər sonra sabiq komandası “Mançester Yunayted”in heyətində meydana çıxıb.
Arena.az xəbər verir ki, İngiltərə nəhəngi ötən gün yoldaşlıq görüşü səviyyəsində Fransa təmsilçisi “Olimpik”lə (Lion) qarşılaşıb.
Oyun “qırmızı şeytanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 49-cu dəqiqədə yarımmüdafiəçi Donni van de Bek vurub.
Oyun maraqlı hadisə ilə əlamətdar olub. 35 yaşlı müdafiəçi Conni Evans 8 ildən sonra ilk dəfə “qırmızı şeytanlar”ın heyətində meydana çıxıb. Evans “Mançester Yunayted” formasında son oyununu 2015-ci ilin yayında keçirib.
Xatırladaq ki, Evans “qırmızı şeytanlar”la qısamüddətli müqavilə imzalayıb və bu müqavilə ona “Mançester Yunayted”in Edinburq və San-Dieqoda mövsümöncəsi hazırlıq oyunlarında iştirak etmək imkanı verib. Bundan əvvəl müdafiəçi “qırmızı şeytanlar”ın ehtiyat komandası ilə məşq edib, həmçinin əsas komandanın bir neçə məşqinə çıxıb.
Evansın məşqlərdə nümayiş etdirdiyi hazırlığı və oyun keyfiyyəti Erik ten Haq və onun məşqçi heyətində heyranedici təəssürat oyadıb.
Evans 2018-ci ildən formasını geyindiyi “Lester Siti”dən bu yay azad agent kimi ayrılıb. O, Lester təmsilçisində 152 oyuna 7 qol vurub, 5 assist edib. Evans yetirməsi olduğu “Mançester Yunayted”də də vaxtilə 198 oyun keçirib, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Vest Bromviç”, “Sanderlend”, “Antverpen” kimi klubların da formasını geyinib. Evans Şimali İrlandiya yığmasında 91 oyun keçirib, 4 qola imza atıb.
Geridə qalmış 2022/2023 mövsümündə Evans “Lester Siti”nin heyətində 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
“Transfermarkt” internet-portalı Conni Evansı 2 milyon avro məbləğində qiymətləndirir.


