“Mançester Yunayted”in veteran müdafiəçisi Conni Evans komandanın baş məşqçisi Erik ten Haqın vəzifəsində qalmasını istəyir.
Arena.az xəbər verir ki, şimali irlandiyalı futbolçu istefası gündəmdə olan niderlandlı mütəxəssisin postunda qalacağına ümid etdiyini bildirib:
“Bizim əla münasibətimiz var. Ümid edirəm ki, o, qalacaq. Yayda qayıtdım və o, mənə güvəndi. Sənin məşqçindən istədiyin tək şey budur. Bu mövsüm 30 oyun keçirmişəm, buna görə də xoşbəxtəm”, deyə Conni Evans bildirib.
Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 114 oyun keçirib, 68 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıblar. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 207 qol vurub, 156 qol buraxıb.
Cari mövsümün digər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə vermir.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.


