Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 32-ci turu çərçivəsində baş tutan “Keçiörengücü” ilə oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4. Coşqunun komandası 4 qolun hamısını ilk hissədə buraxıb.
Coşqun bu oyuna start heyətdə başlayıb. Azərbaycanlı futbolçu fasilədə əvəzlənib.
Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 15-ci məğlubiyyətidir. Futbolçumuzun komandası qalan oyunlarda 10 qələbə qazanıb, 7 heç-heçə edib.
32 turdan sonra “Ümraniyəspor” 37 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 32 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


