“Liverpul”un və İngiltərə yığmasının keçmiş futbolçusu Daniel Starric haqqında məhkəmə tərəfindən həbs hökmü çıxarılıb.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, həbs qərarı keçmiş futbolçunun oyunçunun itini tapmaq müqabilində vəd etdiyi pul mükafatını ödəmədiyi bir şəxsin iddiasına baxılan Los-Anceles məhkəməsinə gəlmədiyi üçün verilib.
Xatırladaq ki, 2019-cu ildə Starricin iti oğurlanıb. Futbolçu açıq şəkildə söz verib ki, sevimli itini tapa bilən şəxsi mükafatlandıracaq. Danielin ev heyvanını musiqi aləmində Killa Fame kimi tanınmış amerikan repçi Foster Vaşinqton taparaq geri qaytarıb. Bundan sonra sənətçi Starricin vəd etdiyi bəxşişi ödəmədiyini bildirib və ona qarşı mülki iddia qaldırıb. 2021-ci ilin dekabrında Los-Anceles məhkəməsi Starrici repçiyə 30 min dollar məbləğ ödəməyə mükəlləf edib. Ötən ay 34 yaşlı futbolçu maddi vəziyyəti ilə əlaqədar sualları cavablandırmaq üçün məhkəməyə çağırılsa da, bunu etməyib. Nəticədə məhkəmə Daniel Starric haqda müvafiq həbs hökmünü verməyi adil qərar hesab edib.


