ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatında (DÇ-2026) penaltilərin dəqiqliyi ilə bağlı tarixi antirekord qeydə alınıb.
Arena.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Məlumata görə, turnirdə əsas vaxt və oyundansonrakı penaltilər seriyası da daxil olmaqla yerinə yetirilmiş 60 onbirmetrlik zərbədən cəmi 39-u qolla nəticələnib. Bu, son 60 ildə aparılan statistikaya əsasən dünya çempionatları tarixində ən aşağı göstəricidir.
Bu mundialda penaltidən yararlana bilməyən futbolçular arasında Fransa millisinin hücumçusu Kilian Mbappe və Argentina yığmasının kapitanı Lionel Messi də yer alır.
Messi isə daha bir göstərici ilə tarixə düşüb. O, eyni dünya çempionatı ərzində iki dəfə penalti qaçırmış ilk futbolçu olub.
Statistikaya əsasən, ən ciddi problemlər oyundansonrakı penaltilər seriyalarında yaşanıb. Belə ki, Mərakeşlə Niderland arasında keçirilmiş 1/16 final qarşılaşmasının penaltilər seriyasında futbolçular 10 zərbədən cəmi 5-ni dəqiq yerinə yetirə biliblər.
Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.


