De Bröyne “Messi yoxsa Ronaldo?” sualını cavabladı

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne futbol aləminin məşhur “Messi yoxsa Ronaldo?” sualını cavablayıb.

Arena.az məlumat verir ki, o, niyə Lionel Messi ilə deyil, Kristiano Ronaldo ilə oynamağı üstün tutduğunu sadə izahla açıqlayıb.

Xatırladaq ki, De Bröyne meydanda həm Ronaldo, həm də Messi ilə qarşılaşıb və özü də bunu həm klub və həm də yığma səviyyəsində yaşayıb. Bu iki ulduz arasında 15 ildən çox davam edən futbol rəqabəti futbol dünyasının yarıya bölüb. Hər iki ulduzun çoxsaylı azarkeş ordusu var və hər iki ulduz çoxlu kuboklar qazanıb və fərdi nailiyyətlərə imza atıb, rekordlar müəyyən edib. De Bröyne etiraf edib ki, o, argentinalı ulduzdan çox, portuqal ulduzla oynamaq istərdi:

“Yəqin ki, mən Ronaldonu seçərdim, çünki o, daha çox, hücumçudur. Messi isə daha çox, oyunqurucudur. Mən də pleymeykerəm, mənə qol vuracaq biri lazımdır”, deyə De Bröynə sualın mahiyyətinə öz baxış bucağından qarşılıq verib.

De Bröyneyə meydanın mərkəzində oynamaq imkanı olanda daha çox xoşuna gəlir və keyfiyyəli oyunu sayəsində kəmiyyət göstəricisi artır. “Mançester Siti”də ötən mövsüm komanda yoldaşı, norveçli hücumçu Erlinq Halandla birlikdə De Bröyne möhtəşəm çıxışı ilə diqqət çəkib. Belçikalı yarımmüdafiəçinin məhsuldar ötürmələri norveçli qolçuya debüt mövsümündəcə 53 oyunda 52 qol vurmağa imkan yaradıb.

Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı müdafiəçi ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb, 10 qol vurub, 31 məhsuldar ötürmə verib. Cari mövsümdə De Bröyne 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib. Amma bir müddət əvvəl De Bröynenin ciddi zədə aldığı və uzun müddətə sıradan çıxdığı məlum olub.

De Bröynenin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı Kevin De Bröyneni 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: