“Neftçi”nin yeni transferi, Surinam əsilli belçikalı cinah hücumçusu Denzel Jubitana klubun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 27 yaşlı vinger Azərbaycan klubuna keçidi haqqında bunları deyib:
“Azərbaycan Avropaya o qədər də yaxın olmasa da, burada oynamış bir neçə dostum var. Onlardan yalnız müsbət fikirlər eşitmişəm. Etiraf edim ki, ilk təəssüratım təəccüb oldu. Hər şey çox gözəl görünür, insanlar çox mehribandır, ölkə isə çox təmizdir. Açığı, belə isti qarşılanacağımı gözləmirdim. Daha əvvəl belə münasibətlə qarşılaşmamışdım”.
Denzel Jubitana özü barədə də danışıb:
“Ən güclü tərəflərimdən biri yaradıcılığımdır. Meydanda sərbəst oynamağı və nəsə yaratmağı xoşlayıram. Ümid edirəm ki, qollarım və assistlərimlə komandaya faydalı olacağam. Mən universal futbolçuyam və müxtəlif mövqelərdə oynaya bilirəm. Fiziki cəhətdən tam hazıram, amma daha tez uyğunlaşmaq üçün komanda ilə məşq etməliyəm”.
Xatırladaq ki, 27 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. O, “Neftçi” ilə 2 illik müqavilə bağlayıb. Futbolçu “ağ-qaralar”ın heyətində 22 nömrəli formanı geyinəcək.
Əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq, hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.


