Denzel Jubitana “Neftçi”də!

Surinam əsilli belçikalı cinah hücumçusu Denzel Jubitana bundan sonra Azərbaycanın “Neftçi” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

27 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. O, “Neftçi” ilə 2 illik müqavilə bağlayıb. Futbolçu “ağ-qaralar”ın heyətində 22 nömrəli formanı geyinəcək.

Əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq, hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Denzel Jubitana peşəkar karyerasına “Vasland-Beveren”də (Belçika) başlayıb. Daha sonra Niderlandın “Roda” komandasında çıxış etmiş futbolçu 2022/2023-cü illər mövsümünü Yunanıstanda – “İraklis”də keçirib. 2023-cü ildən “Atromitos”da çıxış edən futbolçu sözügedən klubu bu yay azad agent kimi tərk etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: