Deyan Kuluşevski əməliyyat olundu, mövsümü erkən qapadı

Futbol üzrə İsveç millisinin və İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Deyan Kuluşevski üçün 2024/25 mövsümü erkən başa çatıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu dizindən əməliyyat olunduğu üçün bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a qarşı keçirilmiş matçda zədələnən yarımmüdafiəçinin durumu əvvəlcə normal görünsə də, daha sonra vəziyyət ciddiləşib. O, ötən gün diz qapağından əməliyyat olunub. London təmsilçisinin baş məşqçisi Angelos Postekoqlu futbolçunun bu səbəbdən bir neçə ay komandaya kömək edə bilməyəcəyini açıqlayıb. Kuluşevskinin Avropa Liqasının finalında “Mançester Yunayted”ə qarşı görüşdə meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Deyan Kuluşevski 2022-ci ilin yanvarından “Tottenhem”də çıxış edir. Onun London təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Yarımmüdafiəçi “mahmızlar”ın heyətində cari mövsümdə 50 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib. O, London klubunda bütövlükdə 146 oyuna çıxıb, 25 qol və 30 məhsuldar ötürmə müəllifi olub.

Kuluşevski “Tottenhem”dən öncə İtaliyada “Yuventus”, “Atalanta” və “Parma”nın uğurları üçün çalışıb. O, 2019-cu ilin noyabr ayında debüt etdiyi İsveç milli komandasında 45 matça çıxıb, 5 qola imza atıb, 12 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: