Futbol üzrə İsveç millisinin və İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Deyan Kuluşevski üçün 2025-ci il erkən başa çatıb.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, ötən mövsüm dizindən zədə almış futbolçunun durumu düşünüləndən ciddidir. Bu üzdən də o, 2026-cı ilə qədər London təmsilçisi üçün oynaya bilməyəcək.
Xatırladaq ki, Kuluşevski bu ilin may ayında dizindən əməliyyat olunmuşdu.
Deyan Kuluşevski 2022-ci ilin yanvarından “Tottenhem”də çıxış edir. Onun London təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Yarımmüdafiəçi “mahmızlar”ın heyətində ötən mövsüm 50 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib. O, London klubunda bütövlükdə 146 oyuna çıxıb, 25 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Kuluşevski “Tottenhem”dən öncə İtaliyada “Yuventus”, “Atalanta” və “Parma”nın uğurları üçün çalışıb. O, 2019-cu ilin noyabr ayında debüt etdiyi İsveç milli komandasında 45 matça çıxıb, 5 qola imza atıb, 12 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


