Dieqo Lyorente “Roma”da qaldı – Rəsmi

Futbol üzrə İspaniya millisinin və İngiltərənin “Lids” klubunun müdafiəçisi Dieqo Lyorente daha bir mövsüm “Roma”da qalacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, paytaxt təmsilçisi onu daha bir mövsüm icarə əsasında saxlamağa qərar verib. “Canavarlar” İngiltərə klubu ilə 29 yaşlı futbolçunun icarə müddətini 2024-cü ilin iyun ayının 30-na qədər uzatmaqla bağlı razılıq əldə olunduğunu bəyan ediblər.

Lyorente bu ilin əvvəlində, 2022/2023 mövsümünün ikinci yarısı üçün 6 aylıq icarə əsasında “Roma”ya keçmişdi. Müdafiəçi bu komandada bütün turnirlər çərçivəsində 12 matça çıxıb.

Xatırladaq ki, Dieqo Lyorente Madrid “Real”ının yetirməsidir. O, “kral klubu”nun əsas komandasında cəmi 3 matç keçirib. Həmin dövrdə “Rayo Valyekano” və “Malaqa”da icarədə olan müdafiəçi, 2017-ci ildə “Real Sosyedad”a satılıb – 11 milyon avroya. Müdafiəçi “Lids”ə 2020-ci ildə məhz “Real Sosyedad”dan 20 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisində 59 oyuna çıxıb və 4 qol da vurub. Futbolçunun “Lids”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Lyorente İspaniya milli komandasında da 10 oyun keçirib.

“Roma” yarımmüdafiəçisi Ebrima Darbonu da Avstriyanın LASK klubuna icarəyə verib. Qambiyadan olan 22 yaşlı futbolçunun 2024-cü ilin yayına kimi icarədə olacağı açıqlanıb. Paytaxt klubunun öz yetirməsi olan Darbo, əsas komandada 11 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, Qambiya yığmasında da 13 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: