Müqavilə ilə İngiltərənin “Lids” klubuna məxsus olan ispaniyalı mərkəz müdafiəçisi Dieqo Lyorente icarədə oynadığı “Roma”dan ayrılıb.
Arena.az xəbər verir ki, “Lids” onu heyətində saxlamaq istəməyib və İspaniyanın “Betis” klubuna satıb.
30 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Betis” bu keçid üçün “Lids”ə 3,25 milyon avro ödəyib.
Lyorente “Roma”ya 2023-cü ilin yanvarında qoşulmuşdu. Müdafiəçi bu komandada bütün turnirlər çərçivəsində 54 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Dieqo Lyorente Madrid “Real”ının yetirməsidir. O, “kral klubu”nun əsas komandasında cəmi 3 matç keçirib. Həmin dövrdə “Rayo Valyekano” və “Malaqa”da icarədə olan müdafiəçi, 2017-ci ildə “Real Sosyedad”a satılıb – 11 milyon avroya. Müdafiəçi “Lids”ə 2020-ci ildə məhz “Real Sosyedad”dan 20 milyon avro qarşılığında keçib. O, İngiltərə təmsilçisində 59 oyuna çıxıb və 4 qol da vurub. Futbolçunun “Lids”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi idi.
Lyorente İspaniya milli komandasında da 10 oyun keçirib.
“Betis” “Lids”in dayaq yarımmüdafiəçisi Mark Rokanın da transfer hüquqlarını alıb. 27 yaşlı ispan futbolçu 2023-cü ilin yayında icarə əsasında İspaniya klubuna qoşulmuşdu. Onun çıxışından razı qalan İspaniya klubu “Lids”ə 4,5 milyon avro ödəməklə Rokanı birdəfəlik heyətinə qatıb. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Betis” Mark Rokanın transfer hüquqlarını aldı
Mark Roka “Betis”də 37 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Onun “Lids” karyerası isə 36 oyun, 1 qol və 2 assistdən ibarətdir. Yarımmüdafiəçi daha öncə “Espanyol” və “Bayern” kimi klublarda da çıxış edib.
Bir neçə gün öncə İngiltərənin “Liverpul” klubundan ayrılan qapıçı Adrian da “Betis”ə keçib. 37 yaşlı qolkiper sabiq klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Adrian məhz “Betis”in yetirməsidir. Bu klubun əsas heyətində 32 matça çıxdıqdan sonra o, 2013-cü ildə İngiltərəyə yollanıb. Britaniyada Adrian “Vest Hem” və “Liverpul”un formasını geyib. İspan qapıçı “qırmızılar”ın heyətində İngiltərə çempionatının, ölkə kubokunun, UEFA Super Kubokunun, eləcə də klublararası dünya çempionatının qalibi olub.
Adrian “Liverpul”a 2019-cu ilin avqustunda azad agent kimi qoşulmuşdu. O, ötən mövsüm bu komandanın heyətində bir matça belə çıxmayıb. Ümumilikdə Mersisayd təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 36 qol buraxmış ispan qolkiper 7 dəfə qapısını toxunulmaz saxlayıb.
“Betis” “Rasinq Ferrol”un gənc hücumçusu İker Losadanı da heyətinə qatıb. La Liqa təmsilçisi bu keçidə görə 1,8 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Selta”nın yetirməsi olan İker Losada “Rasinq Ferrol”a 2023-cü ilin yayında azad agent kimi keçmişdi. İspan hücumçu bu klubun heyətində 45 oyuna 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, İspaniyanın U-18 və U-19 yığmalarında da oynayıb.


