Macarıstan yığmasının yarımmüdafiəçisi Dominik Soboslai Almaniyanın “Leypsiq” klubundan İngiltərə “Liverpul”una keçib.
Arena.az bu barədə “Liverpul”un mətbuat xidmətinə istinadən məlumat verir.
“Leypsiq”dən Soboslainin transferini tamamladıq. Futbolçu həmçinin Böyük Britaniyada iş icazəsi alıb”, – klubun açıqlamasında deyilir.
Mənbənin məlumatına görə, transferin məbləği 70 milyon avro təşkil edir. Soboslainin “Liverpul”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Yarımmüdafiəçi yeni komandasında 8 nömrə altında çıxış edəcək.
2022/2023 mövsümündə Dominik Soboslai “Leypsiq”in heyətində 46 oyun keçirib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib. Almaniya klubu onu 2021-ci ilin yanvarında “Zalsburq”dan 22 milyon avroya transfer etmişdi. 22 yaşlı yarımmüdafiəçi Bundesliqa təmsilçisində bütövlükdə 91 oyuna çıxıb, 20 qol və 22 assistlə yadda qalıb. O, “Zalsburq” (83 oyun, 26 qol, 34 assist) və “Liferinq”də (42 oyun, 16 qol, 11 assist) də forma geyinib. Soboslai Macarıstan yığmasında da 32 oyuna çıxıb, 7 qola imza atıb.
Xatırladaq ki, daha əvvəl bu klublar arasında daha bir keçid baş tutmuşdu. Belə ki, “Liverpul”un portuqal yarımmüdafiəçisi Fabio Karvalyo icarə əsasında “Leypsiq”ə yollanıb.
Yeri gəlmişkən, “Liverpul” ehtiyat qapıçısı Adrianla da yeni müqavilə imzalandığını açıqlayıb. Tam adı Adrian San Migel del Kastilyo olan 36 yaşlı ispan qolkiperlə müqavilənin müddəti 2024-cü ilin yayına kimi uzadılıb. Onun əvvəlki sözləşməsinin müddəti bu ilin 30 iyununa qədər idi.
Adrian 2019-cu ildən “Liverpul”dadır. Təcrübəli qolkiper bu komandada 26 oyuna çıxıb, 36 qol buraxıb, 7 “quru” matç keçirib. O, daha öncə “Vest Hem” və “Betis”də də çıxış edib.



