Emerson Royal: “Milan” braziliyalılar üçün irsi komandadır”

İtaliyanın “Milan” klubunun braziliyalı sağ cinah müdafiəçisi Emerson Royal Braziliyada “rossoneri”yə münasibətdən söhbət açıb.

Arena.az xəbər verir ki, o, eləcə də bu ölkənin futbolçularının italyan klubunda qoyub getdiyi irsdən söhbət açıb.

“Milan” biz braziliyalılar üçün irsi komandadır. Ronaldinyo, Kaka, Kafu, Pato, Robinyo. Onların hamısı “Milan”dan keçmiş əla oyunçulardır. Düşünürəm ki, onlar burada böyük bir irs qoyublar – meydanda xoşbəxtliyi çatdıran fərəhli, gözəl oyun üslubunu”, deyə Emerson vurğulayıb.

“Milan” Emerson Royalı 2024-cü ilin avqustunda İngiltərənin “Tottenhem” klubundan transfer edib. Sözügedən klub braziliyalı oyunçunun keçidini 15 milyon avroya rəsmiləşdirib. 25 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Emerson cari mövsümdə “Milan”ın heyətində 19 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Emerson Royal “San Paulo” və “Ponte Preta” klublarının yetirməsidir. Ölkəsində “Atletiko Mineyro”nun da şərəfini qorumuş müdafiəçi, 2019-cu ilin yanvarında 12 milyon avro müqabilində “Barselona”ya keçib. Amma cəmi bir ay sonra Kataloniya klubu Emersonu 6 milyon avroya “Betis”ə satıb. 2021-ci ilin iyul ayında “Barselona” bu dəfə 14 milyon avro ödəməklə yenidən Emersonu sıralarına cəlb edib və yenə bir ay sonra “Tottenhem”ə satıb. Kataloniyalıların budəfəki qazancı isə 25 milyon avro olub.

Emerson Royal 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 10 oyuna çıxıb. O, millidə də məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: