İngiltərənin “Tottenhem” klubunun sağ cinah müdafiəçisi Emerson Royal bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Milan” braziliyalı oyunçunun keçidini 15 milyon avroya rəsmiləşdirib. 25 yaşlı futbolçu yeni klubu ilə 4+1 illik müqaviləyə imza atıb.
Emerson Royal “San Paulo” və “Ponte Preta” klublarının yetirməsidir. Ölkəsində “Atletiko Mineyro”nun da şərəfini qorumuş müdafiəçi, 2019-cu ilin yanvarında 12 milyon avro müqabilində “Barselona”ya keçib. Amma cəmi bir ay sonra Kataloniya klubu Emersonu 6 milyon avroya “Betis”ə satıb. 2021-ci ilin iyul ayında “Barselona” bu dəfə 14 milyon avro ödəməklə yenidən Emersonu sıralarına cəlb edib və yenə bir ay sonra “Tottenhem”ə satıb. Kataloniyalıların budəfəki qazancı isə 25 milyon avro olub.
Emerson Royal “Tottenhem”də 101 oyuna 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya yığmasında 10 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Tottenhem” hücumçusu Deyn Skarleti də “Oksford Yunayted”ə icarəyə verib. 20 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonunadək icarədə olacaq. London təmsilçisi bu oyunçunu daha öncə “Portsmut” və “İpsviç Taun”a da icarəyə verib. Skarlett İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
Emerson Royalı heyətinə qatmış “Milan” da mərkəz müdafiəçisi Marko Pelleqrinonu Argentinanın “İndependyente” klubuna icarəyə verib. 22 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa qədər vətənində çıxış edəcək.
“Platense”nin yetirməsi olan Pelleqrino 2023-cü ildə 3,5 milyon avro qarşılığında “Milan”a cəlb edilib. Amma o, İtaliya nəhənginin əsas komandasında cəmi 1 oyun keçirib. Bu üzdən də “Milan” müdafiəçisini ötən mövsüm “Salernitana”ya da icarəyə vermişdi.
Marko Pelleqrino Argentinanın U-23 yığmasında 3 oyuna çıxsa da, əsas millidə debüt şansı qazanmayıb.