Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov paytaxt təmsilçisinin tarixinə düşüb.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.
Bu, Azərbaycan Premyer Liqasının 36-cı turunda rəsmiləşib. “Sabah”la ev oyunu Eminin “Neftçi”də 183-cü çempionat matçı olub.
O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi “Neftçi”də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ 31-ci turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də forma geyinən Emin 183 görüşdə 41 qola imza atıb.
Emin Mahmudov 2017-ci ilin sentyabrında müqavilə imzaladığı paytaxt klubunun heyətində indiyə qədər 229 oyun keçirib. O, bu oyunlarda 56 qol vurub, 57 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.
Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 47 oyuna 13 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


