Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Kəpəz”lə oyun “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan bakılıların kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.
Bu top Eminin “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, Emin Mahmudov Premyer Liqadakı ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.


