Futbol üzrə Türkiyə milli komandasının və “Qalatasaray” klubunun sabiq yarımmüdafiəçisi Emre Çolak peşəkar karyerasını başa vurub. Arena.az xəbər verir ki, 31 yaşında futboldan getməyə qərar verən vinger, sosial şəbəkə hesabında bu sözləri qeyd edib:
“Üzərimdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacağam. Ölüm var. Sevdiklərinizlə zaman keçirin”.
Emrenin bu qərarı bir qədər gözlənilməz olub. Məsələ burasındadır ki, Türkiyədə son olaraq “Göztəpə”nin uğurları üçün çalışmış futbolçu bu ilin əvvəlində – yanvarın 27-də İspaniyanın 3-cü liqasında mübarizə aparan “İntersiti” ilə müqavilə bağlamışdı. Amma o, bu komandada cəmi 1 oyun keçirdikdən sonra ümumiyyətlə futboldan getmək qərarına gəlib.
Emre Çolak “Qalatasaray”ın yetirməsidir. O, İstanbul təmsilçisinin əsas komandasında 180 oyun keçirib, 19 qol və 19 məhsuldar ötürmə müəllifi olub. 2016-cı ildə “sarı-qırmızılar”la yollarnı ayıran futbolçu İspaniyanın “Deportivo” klubuna keçib. 2018-2019-cu illər aralığında Səudiyyə Ərəbistanının “Əl-Vəhda” klubunda oynamış futbolçu, bu komandadan ayrılandan sonra yenidən “Deportivo”ya dönüb. 2021-ci ildə isə o, La Liqa təmsilçisindən “Fatih Karagümrük”ə transfer olunub. Hücumameyilli yarımmüdafiəçi “İntersiti”yə gedənə qədər ölkəsində “Hatayspor”, “Başakşəhər” və “Göztəpə”də də oynayıb. Çolak Türkiyə milli komandasında da 4 oyun keçirib.