Emre Çolak qərarını dəyişdi – Karyerasını davam etdirəcək

Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray”ın sabiq yarımmüdafiəçisi Emre Çolak peşəkar karyerasını bitirməklə bağlı qərarını dəyişib. Arena.az xəbər verir ki, 31 yaşında futboldan getməyə qərar verən vinger, bir gün öncə sosial şəbəkə hesabında bu sözləri qeyd etmişdi:

“Üzərimdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacağam. Ölüm var. Sevdiklərinizlə zaman keçirin”.

Emrenin bu qərarı əslində bir qədər gözlənilməz olmuşdu. Məsələ burasındadır ki, Türkiyədə son olaraq “Göztəpə”nin uğurları üçün çalışmış futbolçu bu ilin əvvəlində – yanvarın 27-də İspaniyanın 3-cü liqasında mübarizə aparan “İntersiti” ilə müqavilə bağlamışdı. Amma o, bu komandada cəmi 1 oyun keçirdikdən sonra ümumiyyətlə futboldan getmək qərarını açıqlamışdı.

Bu gün isə o, fərqli paylaşım edərək futbol oynamağa davam edəcəyini açıqlayıb: “Ölkəmdəki vəziyyət məni çox narahat edir. “İntersiti” ilə münasibətlərim davam edir. Sabahdan etibarən ardıcıl ikinci qələbəmizi qazanmaq üçün həftəsonu keçirəcəyimiz oyunun hazırlığına başlayacağam. Hədəflərimizə çatacağımıza inanıram”.

Xatırladaq ki, Emre Çolak “Qalatasaray”ın yetirməsidir. O, İstanbul təmsilçisinin əsas komandasında 180 oyun keçirib, 19 qol və 19 məhsuldar ötürmə müəllifi olub. 2016-cı ildə “sarı-qırmızılar”la yollarnı ayıran futbolçu İspaniyanın “Deportivo” klubuna keçib. 2018-2019-cu illər aralığında Səudiyyə Ərəbistanının “Əl-Vəhda” klubunda oynamış futbolçu, bu komandadan ayrılandan sonra yenidən “Deportivo”ya dönüb. 2021-ci ildə isə o, La Liqa təmsilçisindən “Fatih Karagümrük”ə transfer olunub. Hücumameyilli yarımmüdafiəçi “İntersiti”yə gedənə qədər ölkəsində “Hatayspor”, “Başakşəhər” və “Göztəpə”də də oynayıb. Çolak Türkiyə milli komandasında da 4 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: