“Liverpul”un müdafiəçisi Endryu Robertson yeni baş məşqçi Arne Slotun rəhbərliyi altında növbəti mövsümlə bağlı gözləntilərini paylaşıb.
Arena.az xatırladır ki, niderlandlı mütəxəssis bu vəzifədə, klubu tərk etmək qərarına gəlmiş alman mütəxəssis Yurgen Klopu əvəzləyib.
“Bu nəbzi qoruyub saxlaya biləcəyimizə şübhəm yoxdur. Aldığımız bütün ismarışlara görə, məşqçi çox yaxşıdır. Onunla işləməyə başlamaq üçün intizardayam”, deyə Endryu Robertson bildirib.
Xatırladaq ki, 2015-ci ilin oktyabrından bu ilin yayına kimi “Liverpul”a almaniyalı mütəxəssis Yurgen Klopp rəhbərlik edib. O, 2023/2024 mövsümünün bitməsi ilə İngiltərə klubundan ayrılıb. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.
Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.
Klopu “Liverpul”da niderlandlı mütəxəssis Arne Slot əvəz edib. O, bir müddət əvvəl bu klubla müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. İngiltərə klubu niderlandlı mütəxəssis müqabilində “Feyenoord”a təzminat haqqı olaraq 13-15 milyon avro məbləğ civarında ödəniş edəcək.
45 yaşlı məşqçi 2021-ci ilin iyul ayından “Feyenoord”a çalışdırırdı. Niderland təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Erediviziyasını (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.


