“Mançester Yunayted”in fransalı keçmiş müdafiəçisi Patris Evra, “Arsenal”ın cari mövsümdəki uğursuzluğunu baməzə üslubda şərh edib.
Arena.az “The Sun” dərgisinə istinadən, Patris Evranın müvafiq açıqlamasını təqdim edir:
“Mənim bu “Arsenal”a lap yazığım gəlir. Azarkeşləri də elə, hey gözləyirlər və hər şeyə də inanırlar… “Arsenal” bir ucdan çoxlu vəd verən, amma öz sözünü tutmayan adam kimidir. Və yaxud da ki, qadınla yarımçıq kəsilmiş seks kimi – gəlhagəldə ləzzət gözləyirsən, amma…”, – deyə Patris Evra sosial şəbəkələrdə gülüşlə qarşılanmış açıqlama verib.
Məlum olduğu kimi, “Arsenal” Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda PSJ-yə məğlub olaraq (evdə 0:1; səfərdə 1:2) mötəbər yarışla vidalaşıb.
“Topçular”ın sadiq azarkeşi, britaniyalı məşhur jurnalist Pirs Morqan da müvafiq uğursuzluğa görə “Arsenal”ın baş məşqçisi Mikel Artetanı tənqid edib:
“Cəfəngiyyat. Dəhşətli, lənət şeytana, müdafiə. PSJ “Arsenal”ı tamamilə üstələdi. Bizim hücumçumuzun yoxluğu bu iki oyunda olduğu kimi hələ, heç vaxt belə aydın təzahür etməmişdi”, deyə Morqan vurğulayıb.
Xatırladaq ki, “Arsenal” mövsümə iddialı başlasa da, həlledici məqamlarda büdrəyərək, əvvəlcə İngiltərə Premyer Liqasını “Liverpul”a təslim edib, ardınca isə UEFA Çempionlar Liqasında Fransa nəhəngi PSJ tərəfindən mötəbər yarışdan kənarlaşdırılıb.


