Eyüp Aydın “Bayern”i “Qalatasaray”a dəyişdi

Almaniyanın “Bayern” klubunun dayaq yarımmüdafiəçisi Eyüp Aydın bundan sonra Türkiyə çempionu “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Super Liqa nəhəngi 250 min avro qarşılığında türk əsilli almaniyalı futbolçunu heyətinə qatıb.

19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Eyüp ilk mövsümündə 6.9 milyon TL məvacib alacaq. Bu məbləğ 2024/2025 mövsümündə 9 milyon 345 min TL, 2025/2026 mövsümündə isə 10 milyon 62 min 500 TL olacaq.

Qeyd edək ki, “Bayern”in əvəzedici heyətində 54 oyuna 4 qol və 10 məhsuldar ötürmə müəllifi olan Eyüp Aydın Almaniya nəhənginin əsas komandasında debüt şansı qazanmayıb. O, vaxtilə Almaniyanın U-15 və U-16 yığmalarında da oynayıb.

“Qalatasaray”ın sağ cinah müdafiəçisi Leo Dyubua isə Super Liqanın digər təmsilçisi “Başakşəhər”ə keçib. İstanbul nəhəngi 29 yaşlı fransızı mövsümün sonuna kimi icarəyə verib.

2022-ci ilin iyulunda Lion “Olimpik”indən 2,5 milyon avro qarşılığında transfer olunmuş Dyubua “Qalatasaray”da 28 oyuna 1 qol vurub, 3 assist edib. O, vaxtilə yetirməsi olduğu “Nant”da da forma geyinib, Fransa yığmasında isə 13 oyun keçirib.

“Başakşəhər” Portuqaliyanın “Aroka” klubunun mərkəz müdafiəçisi Jerom Opokunu da heyətinə qatıb. 24 yaşlı ingilis futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Fulhem”in yetirməsi olan futbolçu karyerası ərzində “Vayle”, “Plimut” və “Akkrinqton”un da uğurları üçün çalışıb.

“Nottingem Forest”in nigeriyalı hücumçusu Emmanuel Dennis də “Başakşəhər”ə keçib. Türkiyə klubu 25 yaşlı forvardı da mövsümün sonuna kimi icarəyə götürüb. Nigeriya yığmasında 8 oyuna 1 qol vurmuş hücumçu karyerası ərzində “Uotford”, “Köln”, “Brügge” və “Zarya” (Luqansk) klublarının da uğurları üçün çalışıb.

“Nottingem Forest”in mərkəz yarımmüdafiəçisi Conco Şelvi də Türkiyənin digər klubu “Rizəspor”a üz tutub. 31 yaşlı ingilis də bu mövsümün sonuna kimi icarədə olacaq. O, karyerası ərzində “Nyukasl”, “Suonsi Siti”, “Bləkpul”, “Liverpul” və “Çarlton”da da forma geyinib. Şelvi İngiltərə yığmasında da 6 oyun keçirib.