“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasında “Sassuolo” ilə oyundan (2:1) əvvəl hakim Matteo Marçenaro ilə bağlı şübhələrini bildirib.
Arena.az bu barədə DAZN internet-televiziyasına istinadən məlumat verir:
“Düzünü desəm, hakimlə bağlı narahatlığım var. O, artıq üç dəfə bizim oyunlarda işləyib. Düşünmürəm ki, o, bu səviyyədə fəaliyyət göstərəcək duyğusal sabitliyə malikdir.
Bu, təkcə “Sassuolo” – “Roma” oyunu deyil. Çempionlar Liqası zonasından üç xal geridəyik, bu, bizim üçün çox vacib oyundur. Ya hakimə görə, ya da tez-tez bəxtimiz gətirməyən VAR-a görə rahatlığımız yoxdur”, deyə Mourinyo oyundan əvvəl danışıb.
Bundan sonra ANSA nəşri məlumat verir ki, İtaliya Futbol Federasiyasının (FIGC) Mourinyonun sözlərini araşdıracağını, bu xüsusda işin artıq açıldığını bildirib.
“Roma” “Sassuolo”nu 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra Mourinyo “DAZN Italia” üçün portuqal dilində şərh verib:
“Mənim italyan dilim müəyyən anlayışları ifadə etmək üçün o qədər də biçimli deyil. Mən duyğusal sabitlik haqqında danışarkən, həyatda və futbolda ən yüksək səviyyədə işləmək üçün lazım olan keyfiyyəti nəzərdə tuturdum”, deyə Mourinyo daha əvvəl dediyi, hazırda istintaq üçün əsas olan sözlərini şərh edib.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Portuqal mütəxəssisin “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində “Mour” paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


