İtaliya nəhəngi “İnter” komandanın italyan sol cinah müdafiəçisi Federiko Dimarko ilə razılığa gələrək, müqaviləsini yeniləyib.
Arena.az bu barədə “İnter”in rəsmi saytına istinadən məlumat verir.
Dimarkonun yeni müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Yeni razılaşmanın maliyyə təfərrüatı açıqlanmır. Buna rəğmən, xatırladaq ki, jurnalist-insayder Nikolo Skiraya görə futbolçunun yeni müqaviləyə görə illik 4 milyon avro məbləğində maaş alacağı bildirilirdi.
Daha əvvəl mətbuatda Dimarkonun “neradzurri” ilə müddəti 2028-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayacağı haqda xəbərlər dolaşırdı.
Federiko Dimarko “İnter”in yetirməsidir. Federiko 2016-cı ildən müxtəlif illərdə “Askoli”, “Empoli”, “Syon”, “Parma”, “Verona”da icardə və ya geri satınalma şərtləri əsasında çıxış edib. İtalyan müdafiəçi bu illər ərzində xeyli tərəqqi edərək, nəhayət 2021-ci ilin iyununda “Verona”dan icarədən qayıdıb və “neradzurri”nin heyətində yerini möhkəmlədib.
Cari mövsümdə Dimarko “İnter”in heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Federikonun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 119 oyun, 11 qol, 20 məhsuldar ötürmə.
Dimarko “İnter”lə hər biri 2 dəfə olmaqla İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi olub.
Federiko Dimarko 2022-ci ilin iyununda dübüt etdiyi İtaliya yığmasının heyətində 16 oyuna 2 qol və eynisayda məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan sol cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


