FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yenilənmiş oyundankənar vəziyyət qaydası üzərində işləyirlər.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, FIFA “oyundankənar vəziyyət” qaydasına dəyişiklik etmək istəyir.
Yeni əsasnaməyə görə, ötürmə zamanı hücum edən oyunçunun bütün bədəni müdafiəçidən daha çox rəqib qapısına yaxın olduqda, oyundankənar vəziyyət nəzərə alınacaq.
Başqa sözlə desək, hücum edən oyunçunun bədəninin bir hissəsi müdafiənin sonuncu oyunçusu ilə bir xətt üzərində olduqda, bu vəziyyəti oyundankənar hesab etmək olmaz.
Hesab edilir ki, qaydaların belə dəyişməsi futbolu daha hərəki və möhtəşəm edəcək.
Bu yenilik artıq IFAB-ın iclaslarında müzakirə edilib. İlkin olaraq yeni qayda İsveç, İtaliya və Niderlandın aşağı divizionlarında sınaqdan keçiriləcək.


