Futbol üzrə Braziliya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Filippe Koutinyo İngiltərənin “Aston Villa” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.
“Aston Villa” təcrübəli oyunçusunu “Əl-Dühail”ə icarəyə verib. O, 2024-cü ilin 30 iyununa qədər Qətər klubunda icarədə olacaq.
Xatırladaq ki, Filippe Koutinyo 2022-ci ilin yanvarından “Aston Villa”nın formasını geyinirdi. İngiltərə klubu onu əvvəlcə İspaniya nəhəngi “Barselona”dan icarəyə götürmüşdü. Amma ötən ilin yayında kataloniyalılara 20 milyon avro ödəyən Premyer Liqa təmsilçisi braziliyalını birdəfəlik transfer etmişdi. Koutinyonun “Aston Villa” ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir. “Sambaçı” Birmingem klubunda meydana çıxdığı 43 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Koutinyo daha öncə İngiltərədə “Liverpul”un formasını geyinib. O, 2018-ci ildə məhz bu klubdan 135 milyon avro qarşılığında “Barselona”ya transfer edilmişdi. Lakin Kataloniya təmsilçisində istənilən performansı göstərə bilməyən yarımmüdafiəçi, 2019-ci ildə Almaniyanın “Bayern” klubuna icarəyə verilmişdi. Filippe “İnter”, “Vasko da Qama”, “Espanyol” kimi klubların da uğurları üçün çalışıb. O, Braziliya milli komandasında 68 oyun keçirib, 21 qola imza atıb.


