Florian Virts “Liverpul”da – Rəsmi

Almaniya millisinin və “Bayer”in yarımmüdafiəçi Florian Virts bundan sonra İngiltərə çempionu “Liverpul”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı alman futbolçu şəxsi şərtlərdə razılıq əldə etdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer”ə 125 milyon avro ödəyib. Virtsin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilir.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edirdi. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Virts geridə qalmış 2024/2025-ci illər mövsümündə “əczaçılar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 197 oyun, 57 qol, 65 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 31 oyuna çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: