AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere “Neftçi” – “Kəpəz” oyunundakı mübahisəli epizoda münasibət bildirib.
Arena.az xatırladır ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində Bakıda keçirilmiş cavab oyununda meydan sahibləri 1:0 hesablı qələbəyə sevinmişdilər.
Amma paytaxt təmsilçisi bu matçdakı hakim qərarlarından narazı qalmışdı. Bunu matçdan sonra baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Samir Abasov da dilə gətirmişdi. “Neftçi” tərəfinin fikrincə, hücumçu Bassala Sambunun 58-ci dəqiqədə meydandan qovulması haqsız qərardır. Halbuki, bu gün AFFA İntizam Komitəsi Sambuya 2 oyunluq cəza da verib.
Frank De Blekere də paytax təmsilçisinin etirazını düzgün hesab etmir. O, AFFA-nın mətbuat xidmətinə açıqlamasında referinin birbaşa qırmızı vərəqə qərarında haqlı olduğunu söyləyib:
“Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassala Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.
Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.
Xatırladaq ki, səfərdə 2:0, evdə 1:0 hesablı qələbəyə sevinmiş “Neftçi” yarımfinala vəsiqə qazanıb, “Kəpəz” isə mübarizəni dayandırıb. “Ağ-qaralar”ı növbəti mərhələdə “Sabah”la oyunlar gözləyir.


