Fransisko Montero “Beşiktaş”ı “Hamburq”a dəyişdi

Türkiyənin “Beşiktaş” klubu ispaniyalı müdafiəçisi Fransisko Montero ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi 24 yaşlı futbolçunu Almaniyanın “Hamburq” klubuna icarəyə göndərib.

Bu barədə sözügedən klublar mətbuat xidmətləri vasitəsilə məlumat yayıb. İspan futbolçunun bu mövsümün sonunadək icarədə olacağı açıqlanıb. Amma Almaniya klubu Monteronu satınalma şərti ilə icarəyə götürüb. Bir sözlə, mövsümün sonunda “Hamburq” 2.5 milyon avro ödəməklə, onun transfer hüquqlarını da alacaq.

Fransisko Montero 2021-ci ilin sentyabrından “Beşiktaş”da forma geyinirdi. Müdafiəçi İstanbul təmsilçisində 46 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə İspaniyada “Deportivo”nun və Madrid “Atletiko”sunun uğurları üçün çalışıb. Montero İspaniyanın U-21 yığmasında da oynayıb.

Yeri gəlmişkən, “Beşiktaş” yarımmüdafiəçisi Salih Uçanla müqavilənin müddətini artırıb. Klub onun bu ilin yayında başa çatacaq müqaviləsinin müddətini 2024-cü ilin 30 iyununa kimi artırıb.

Salih Uçan 2021-ci ilin yayından “Beşiktaş”da çıxış edir. O, İstanbul təmsilçisində 32 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Başakşəhər”də keçirib.

Salih Uçan peşəkar karyerasına “Bucaspor”da başlayıb. Daha sonra o, “Fənərbaxça”, “Roma”, “Sion”, “Empoli” və “Alanyaspor”da da oynayıb. Yarımmüdafiəçi Türkiyə millisində də 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: