Gökhan Töre “Konyaspor”dan ayrıldı, klubsuz qaldı

Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Gökhan Töre Super Liqa təmsilçisi “Konyaspor”dan ayrılıb.

Arena.az xəbər verir ki, 32 yaşlı sağ cinah vingeri sözügedən klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə Konya klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Gökhan Töre “Konyaspor”a 2023-cü ilin sentyabrında azad agent kimi qoşulmuşdu. Həmin vaxt tərəflər 1+1 illik müqaviləyə imza atmışdılar. Amma Gökhan Konya klubunda elə də çox oyun şansı qazanmayıb. Belə ki, təcrübəli oyunçu mövsümün geridə qalmış hissəsində cəmi 3 matça çıxıb, fərqlənə bilməyib.

Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Töre, “Rubin”, “Vest Hem”, “Yeni Malatyaspor”, “Adana Dəmirspor”, “Ankaragücü” kimi klubların da formasını geyinib. O, karyerasının böyük hissəsini “Beşiktaş”da keçirib – 156 oyun, 22 qol və 29 məhsuldar ötürmə. Təcrübəli futbolçu Türkiyə millisində də 26 oyun keçirib, amma fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: