Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “İstanbulspor”un baş məşqçisi Hakan Yakın istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. O, bu mövsümün startından bir qədər sonra, 2023-cü ilin oktyabrında baş məşqçi postuna gətirilmiş və 2 illik müqaviləyə imza atmışdı. Lakin komandanı uğursuz zolaqdan çıxara bilməyən türkəsilli isveçrəli mütəxəssis də istefaya göndərilib.
Hakan Yakın “İstanbulspor”u cəmi 14 oyuna çıxarıb. Bu oyunlarda 2 qələbə qazanıb, 2 heç-heçə etmiş İstanbul təmsilçisi qalan 10 oyunda məğlubiyyətə üzülüb. Sözügedən komanda bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 20 oyunda cəmi 2 qələbə qazanıb, 4 heç-heçə edib və 14 məğlubiyyətlə üzləşib. Hesabından 3 xal silinmiş “İstanbulspor” hazırda 7 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Yakın “İstanbulspor”dan öncə uzun illər İsveçrənin “Şaffhauzen” komandasında müxtəlif vəzifələrdə çalışıb. 2022/2023 mövsümündə isə o, bu klubun əsas komandasının baş məşqçisi olub.
Artıq “İstanbulspor”un yeni baş məşqçisi də məlumdur. Elita komandası sabiq baş məşqçisi Osman Zeki Korkmazı geri qaytarıb. 41 yaşlı türkiyəli mütəxəssislə bu mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Osman Zeki Korkmaz daha öncə 2021-ci ilin avqust ayından 2022-ci ilin oktyabrına qədər “İstanbulspor”un baş məşqçisi olub. O, bu komandanı 49 oyuna çıxarıb. İstanbul klubu bu görüşlərdə 22 qələbə qazanıb, 11 heç-heçə edib və 16 məğlubuyyətlə qarşılaşıb. Gənc mütəxəssis ötən il “Manisa”nın da baş məşqçisi olub.


