Hakan Yakın Super Liqa klubunun baş məşqçisi oldu

Türkəsilli isveçrəli mütəxəssis Hakan Yakın Türkiyənin “İstanbulspor” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə müqavilənin 2 illik olduğu açıqlanıb. O, 2024/2025 mövsümünün sonunadək İstanbul təmsilçisinə rəhbərlik etməlidir.

Hakan Yakın uzun illər İsveçrənin “Şaffhauzen” komandasında müxtəlif vəzifələrdə çalışıb. 2022/2023 mövsümündə isə o, bu klubun əsas komandasının baş məşqçisi olub.

Hakan “İstanbulspor”un baş məşqçisi postunda Fatih Tekkeni əvəz edib. Super Liqanın ilk 4 turunda 2 məğlubiyyət və 2 heç-heçənin ardından istefaya göndərilmiş 46 yaşlı mütəxəssis 2022-ci ilin oktyabr ayından bu komandanın baş məşqçisi idi. O, bu müddətdə komandanı 30 oyuna çıxarıb (9 qələbə, 5 heç-heçə, 16 məğlubiyyət).

Fatih Tekke əvvəllər də iki dəfə “İstanbulspor”a baş məşqçi təyin olunub. O, məşqçilik karyerası ərzində Türkiyənin U-23 yığmasına, həmçinin “Kayseri Ərciyəsspor”, “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “Bursaspor” kimi komandalara da rəhbərlik edib.

Fatih Tekkenin istefasından sonra köməkçi məşqçi Olcay Dəmirin rəhbərliyi altında çıxış edən “İstanbulspor” hazırda Super Liqada 2 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: