İngiltərə Hakimlər Təşkilatı Premyer Liqanın 7-ci turunda “Tottenhem” – “Liverpul” oyunundakı (1:2) insan səhvi ilə bağlı açıqlama verib.
Arena.az “Sky Sports”a istinadən məlumat verir ki, İngiltərədə peşəkar oyunların hakimliyini təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) Premyer Liqanın 7-ci turu çərçivəsində “Tottenhem”lə oyunda “Liverpul”un hücumçusu Luis Diasın ləğv edilmiş qolu ilə əlaqədar məqamda açılq-aşkar səhv olduğunu etiraf edib:
“PGMOL şirkəti etiraf edir ki, “Tottenhem” – “Liverpul” oyununun birinci hissəsində mühüm insan səhvi baş verib. Luis Diasın qolu meydandakı hakimlər briqadası tərəfindən oyundankənar vəziyyətə görə nəzərə alınmayıb. Bu, VAR tərəfindən qolun verilməsi ilə nəticələnməli olan açıq və aşkar faktiki səhv olub, lakin VAR müdaxilə edə bilməyib.
PGMOL səhvə səbəb olan hallarla bağlı tam araşdırma aparacaq. PGMOL səhvi etiraf etmək üçün oyundan sonra dərhal “Liverpul” ilə əlaqə saxlayacaq”, – bəyanatda deyilir.
Vurğulayaq ki, bu, “Liverpul”un Premyer Liqanın cari mövsümündə ilk məğlubiyyəti idi. Hazırda 7 turdan sonra “Liverpul” 16 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
“Tottenhem” isə 17 xalla 2-ci pilləyə yüksəlib. 18 xala sahib “Mançester Siti” çempionatda liderliyini sürdürür.


