Harri Keyn bu yay “Tottenhem”dən ayrılsa, londonlular “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin transferi barədə düşünəcəklər.
Arena.az bu barədə jurnalist-insayder Massimo Marianellanın “Sky Sport Italia”nın efirinə müsahibəsinə istinadən məlumat verir:
“Napoli”nin hücumçusu Viktor Osimhen “Çelsi”yə keçməyə yaxındır, ancaq Londonun digər bir klubu “Tottenhem” onun transferi uğrunda mübarizəyə qoşula bilər”, deyə Marianella bildirib.
Mənbənin məlumatına görə, “Tottenhem” “Mançester Yunayted” və “Bayern”in hədəflədiyi əsas hücumçusu Harri Keyni itirə bilər. Hücumçusunun gedəcəyi halda “Tottenhem” Osimhen uğrunda mübarizəyə qoşula bilər.
2022/2023 mövsümündə Viktor Osimhen “Napoli”nin heyətində 39 oyun keçirib, 31 qol vurub, 5 məhsuldar ötürmə verib, komandası ilə A Seriyasının çempionluğunu qazanıb. Osimhen 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. “Napoli”yə qədər Osimhen “Volfsburq”, “Şarlerua” və “Lill” klublarında çıxış edib.
“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.


