Harri Uinks “Lester Siti”ni “Kalyari”yə dəyişdi

Futbol üzrə İngiltərə milli komandasının sabiq dayaq yarımmüdafiəçisi Harri Uinks “Lester Siti”dən ayrılaraq İtaliyanın “Kalyari” klubuna keçib.

Arena.az bu barədə hər iki klubun rəsmi açıqlamasına əsasən xəbər verir.

30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə bağlayıb.

Harri Uinks 2023-cü ilin yayında “Tottenhem”dən “Lester Siti”yə keçmişdi. O, üç mövsüm ərzində bütün turnirlərdə 109 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçi 2023/24 mövsümündə 45 çempionat matçında iştirak edərək komandanın Çempionşipi qazanmasına və Premyer Liqaya yüksəlməsinə mühüm töhfə verib.

1996-cı ildə İngiltərənin Hemel-Hempsted şəhərində anadan olmuş Uinks müdafiənin önündə oyunquran və ya mərkəz yarımmüdafiəçisi kimi çıxış edə bilir. O, yüksək texniki hazırlığı, oyun qurmaq bacarığı, taktiki intellekti və həm müdafiədə, həm də hücumda faydalı oyunu ilə seçilir.

Uinks “Tottenhem” akademiyasının yetirməsidir. O, əsas komandada debütünü 2014-cü il noyabrın 27-də Avropa Liqasının “Partizan”a qarşı oyununda edib. London klubunun heyətində bütün turnirlərdə 203 matç keçirən futbolçu 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

2022-ci ilin yayında icarə əsasında İtaliyanın “Sampdoriya” klubuna keçən yarımmüdafiəçi burada A Seriyasında 20 oyuna çıxıb. Daha sonra vətəninə qayıdaraq “Lester Siti”yə transfer olunub.

Harri Uinks İngiltərənin aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib. O, əsas millidə isə 10 oyunda meydana çıxaraq 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: